Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Mənfi Təlqin və Vəsvəsələrə Açıq Olmaları

Din əxlaqını tam mənasıyla yaşamaqda bitərəf davranan kəslərin imani zəiflikləri, cahillik inancına sahib insanların mənfi təlqinlərinə də açıq olmalarına səbəb olar. Özlərinə dinin lazım olmadığı, yalnız dünyaya bağlı bir həyat tərzinin kifayət edəcəyi istiqamətində azğın şərhlər edilsə, bunu sevə-sevə təsdiqləyə bilərlər. Ya da bir adam gedib bu kəslərə “mən inkarçı oldum, artıq dinə və ibadətlərin vacibliyinə inanmıram, cahillik məntiqində bir həyat yaşayacağam” desə, bu da onların xoşuna gələr. Bu və bənzər təlqin və təkliflər qarşısında bu kəslərin iradəsi dərhal yox olar və din əxlaqından uzaq yaşayan insanlara asanlıqla uyğunlaşarlar. Bu cür insanların, namaz qıldıqları və ya bəzi ibadətləri yerinə yetirdikləri üçün müsəlman olduqlarını və belə qeyri-ilahi çağırışları yaxşı qarşılamayacaqlarını düşünmək isə avamca bir düşüncə olar.

Bu kəslər ətraflarında gördükləri ənənələrin təsiriylə birbaşa dini inkar etməkdən bəlkə də çəkinə bilər. Və buna görə də “Quran əxlaqından uzaq bir həyat yaşa” deyən adama qarşı rəsmi olaraq reaksiya verə bilərlər. Amma rəsmi olaraq qarşı çıxsalar da, praktikada cahillikdəki kimi bir həyat tərzi gördükləri təqdirdə bunu sevinclə qarşılayarlar. Belə bir həyat yaşamaq üçün güclü bir istək duyarlar. Açıq şəkildə “biz inkarçı olduq, dinə və Qurana inanmırıq” deməsələr də, bu həyatın içində yaşayan insanların göstərdikləri cahillik əxlaqını, çirkin davranış formalarını, batil inancları mənimsəyən və dəstəkləyən bir həyata müsbət baxarlar. Ətraflarındakı insanların axirətin varlığını tamamilə unudub dünyaya bağlanmalarından, saleh əməllər etmək əvəzinə boş və məqsədsiz bir həyat yaşamalarından, ehtirasla dünya mallarını çoxaltmalarından, etibar qazanmaq üçün həyasızca işlər görmələrindən, yaxud Allahı razı salmaq əvəzinə insanları razı salacaq bir həyat yaşamalarına narahat olmazlar. Hətta qəlbində xəstəlik olan insanlar, belə bir həyat tərzi yaşayan insanların bu azğın anlayışlarını və dünyagörüşlərini dəstəklədiklərini müxtəlif yollarla onlara bildirərlər. Allah Quranda belə insanların vəziyyətini bu cür izah edir:

 

Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. (Nəhl surəsi, 106-107)

 

Allah iman etdikdən sonra şeytanın təlqinlərə aldanaraq cahillik inancına qayıdan insanların hər dövrdə müsəlmanların arasında ola biləcəklərinə bir çox ayəsində diqqət çəkər. Quranda diqqət çəkilən bu insan cəmiyyətlərindən biri də hz. Musanın qövmü içində yaşayan zəif iradəli insanlardır. Bunlar, Allahın sevdiyi və seçdiyi, üstün və gözəl əxlaqlı hz. Musanın təbliğini və mənəvi təlimini tam olaraq alan, göstərdiyi möcüzələrə şahid olan insanlardır. Hz. Musa bu insanları, Allahın izniylə “özlərini dözülməz işgəncələrə məruz qoyan” Fironun əlindən xilas etmiş, onlara Allahın ayələrini təbliğ etmiş və hidayət gətirmələrinə vəsilə olmuşdur. Lakin hz. Musa Allahdan gələn vəhy üçün qövmündən ayrıldıqda bu insanlar, hz. Musanın yoxluğunu fürsət bilib Samiri adındakı azğın inancları olan birinin şeytani təlqinlərinə qapılmışlar. Özünü son ana qədər dindar biri kimi tanıdan Samirinin azğın təlqinləri, bir çox insana təsir etmiş və onları Allaha şərik qoşmağa yönəltmişdir.

Allah hz. Musaya qövmünün bu vəziyyətini, “Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”” (Taha surəsi, 85) deyə buyuraraq xəbər vermiş və bununla da hz. Musa öz qövmünün geri qayıtmışdır. Bundan sonra baş verənləri Allah ayələrində belə xəbər verir:

... “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”

Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”.

Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur” – dedilər. (Taha surəsi, 86-88)

Göründüyü kimi bu insanlar, verdikləri vədə öz ixtiyarlarıyla xilaf çıxmadıqlarını, Samirinin təsiriylə bunu etdiklərini dilə gətirmişlər. Samirinin azğın təlqinləriylə imanlarından dönüb böyürən bir buzov heykəli düzəltmişlər. Samiri deyilən azğın adam isə “...Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi” (Taha surəsi, 96) ifadəsindən də başa düşüləcəyi kimi nəfsinə tabe olan bir adamdır. Bu qövm vicdanlarından istifadə etmədiklərindən bir adamın təlqinlərinin vəsiləsiylə Allaha qulluqdan imtina edib öz əlləriylə düzəltdikləri böyürən bir buzov heykəlinə meyil etmək azğınlığına düşmüşlər. Ancaq hz. Musa aralarına qayıtdıqda, düşdükləri vəziyyəti başa düşmələrinə vəsilə olmuşdur.

Hz. Musanın qövmünün başqa bir azğınlığı da, Allah özlərini dənizdən keçirərək, Fironu suda boğduqdan sonra, yenə doğru yoldan azıb cahil insanların həyat tərzlərini nümunə götürməyə başlamalarıdır. Bu ədabazlıqları o qədər yüksək bir səviyyəyə çatmışdır ki, bütlərə tapınan bir qövm gördükləri vaxt, hz. Musadan özlərinə məbud düzəltməsini istəyəcək qədər çirkin bir cəsarət və əxlaqsızlıq göstərə bilmişdirlər. Mövzuyla əlaqədar Quranda bildirilən ayələr belədir:

...Onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız.

Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir”.

Musa dedi: “O, sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa məbudmu axtaracağam?”

Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi. (Əraf surəsi, 138-141)

İmanları zəif olan bu insanların bütlərə ibadət edən bir qövmü görmələri doğru yoldan sapmalarına səbəb olmuşdur. Tezliklə bu azğın inanca meyil etməyə başlamışlar. Din əxlaqından uzaqlaşdıran təlqinlərin təsirinə düşmək, tarix boyu passivliyi müdafiə edən bütün insanların ortaq bir xüsusiyyətidir.

Allah, Quranda bu insanların fitnəkar xarakterlərini, “əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər (Əhzab surəsi, 14) ayəsiylə bildirmişdir. Başqa bir ayədə isə Allah “...Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar...” (Nisa surəsi, 91) buyurur.

Bu insanların bu qədər fitnəyə meyilli şəxsiyyətlərinin əsasında, əsasən şeytanın təlqininə meyilli olmaları durur. Allaha iman və itaətdən uzaqlaşan bu kəslər, Allahın “insanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir (Həcc surəsi, 3) ayəsində bildirdiyi kimi şeytanın iziylə gedərlər. Ayədə bildirilən “hər bir asi şeytana itaət edir” ifadəsi isə çox diqqət çəkicidir. Çünki bu kəslər, həyatlarının məqsədi yalnız Allahın rizası, rəhməti və cənnəti olan müsəlmanların arasında yaşayarkən, onlara bənzəmək və Quran əxlaqına tabe olmaq imkanları olduğu halda, bilə-bilə, azğınlıq yolunu seçərlər. Allah bu vəziyyətlərini bir ayəsində “...Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular” (Əraf surəsi, 146) deyə buyuraraq bildirir.

Buna görədir ki, bu insanların zehinləri həmişə şeytanın fısıldamaları və onun təlqin etdiyi vəsvəsələrlə doludur. Allahın “Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir” (Nisa surəsi, 120) ayəsində bildirdiyi şeytani vədlər, bu insanları Allahın yolundan sapdıracaq din əxlaqından uzaq bir həyat tərzinə çəkir. Buna görə də bəzi dünyəvi narahatlıqlar daşıyaraq din əxlaqını yaşamaqdan uzaqlaşıb cahillik həyatını mənimsəyən bu insanlar, əslində şeytanın bu yalan vədlərinə aldanan insanlardır. Allah bu həqiqəti, “hidayət yolunu tanıdıqdan sonra haqdan dönüb geriyə üz tutanlara şeytan günah işləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi” (Məhəmməd surəsi, 25) ayəsində də açıq şəkildə bildirir.

Vəsvəsələrə olduqca açıq olduqlarından, cahillik əxlaqı içində yaşayan insanlardan iş, nikah, təhsil kimi maraqlarına daha uyğun olacağını düşündükləri bir təklif aldıqları vaxt dərhal ona yönələr, Allahı və din əxlaqını unudarlar. Halbuki əgər bu təkliflər Allahın rizasına uyğundursa onsuz da müsəlmanca bir əxlaq göstərərək də bu imkanı qiymətləndirə bilərlər. Ancaq onlar, özlərinə din əxlaqının yaşandığı mühitdən uzaqlaşmaq üçün bir bəhanə axtardıqlarına görə, bu vəsiləylə dərhal müsəlmanların arasından uzaqlaşarlar. Eynilə bu kəslər tətil, alış-veriş, əyləncə kimi mövzularda da yenə cahil cəmiyyətin təlqinlərinə çox açıqdırlar. Allah rizasına uyğun olan bir iş görmək və ya ibadət etmək əvəzinə rahatlıqla əylənməyi seçə bilərlər. Peyğəmbərimiz (s.ə.v)-in dövründə, bir əyləncə gördükləri vaxt Peyğəmbərimiz (s.ə.v)-i tərk edib, cahil insanlarla birlikdə boş işlər görənlərin rəftarları bu insanlarla böyük oxşarlıq təşkil edir. Allah bu insanların vəziyyətini belə xəbər vermişdir:

Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”. (Cümə surəsi, 11)

Şübhəsiz ki, bu insanların şeytanın təlqin etdiyi fikirlərə bu qədər açıq olmaları Allahın bir hikmətidir və bunda müsəlmanlar üçün böyük xeyirlər vardır. Çünki qəlbində xəstəlik olan insanlarla Allahdan qorxan səmimi insanlar bu vəsiləylə bir-birindən ayrılır və müsəlmanlar bu insanları tanıya bilirlər. Allah bu həqiqəti “Belə edər ki, şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər”. (Həcc surəsi, 53) ayəsiylə xəbər verir. Başqa bir ayəsində isə Allah, “Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin...” (Ənfal surəsi, 37) deyə buyurur və bunun müsəlmanlara yüngüllük verən bir təmizlik olduğuna işarə edir.

Rəftar və Danışıqlarının Səmimiyyətə Deyil, Təqlidə Əsaslanması

Müsəlmanlar arasında yaşayan passivlik tərəfdarı kəslərin ən diqqət çəkici xüsusiyyətlərindən biri də, səmimiyyətsizliklərdir. Bu, danışıqlarında və rəftarlarında asanlıqla hiss edilə bilən bir vəziyyətdir. Müsəlmanların arasında özlərini dindar kimi göstərə bilmək məqsədiylə bəzi ibadətləri yerinə yetirər, müsəlmanlar kimi rəftarlar göstərərlər, onlar kimi danışarlar. Lakin bütün bunları inandıqları üçün deyil, müsəlmanlar arasında özlərinə bir yer tuta bilmək üçün təqlidi olaraq həyata keçirərlər. Bütün hal və rəftarlarında müsəlmanları təqlid etdiklərindən ötrü, kənardan baxan bir insan ilk baxışda bu kəsləri müsəlmanlardan hər hansı biri kimi zənn edə bilər. Bu kəslər Allahın, “Vay halına namaz qılanların, o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar” (Maun surəsi, 4-6) ayələrində bildirdiyi kimi namaz qılar, “Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər”. (Tövbə surəsi, 54) ayəsində bildirildiyi kimi mallarından ehtiyac içində olan insanlara göstəriş üçün də olsa bəzən kömək edə bilərlər. Ancaq yenə ayələrdə aydın şəkildə göründüyü kimi, Rəbbimiz səmimiyyətsizlikləri üzündən onların ibadətlərini qəbul etməyəcək.

Formal xarakterli ibadətlərlə yanaşı müsəlmanların rəftar və danışıqlarındakı bir çox təfərrüatı da təqlid edə bilərlər. Müsəlmanların bir mövzunu dilə gətiriş formalarından, istifadə etdikləri üslubdan, oturub-durmalarına qədər bir çox zahiri xüsusiyyətlərini təqlid edə bilərlər. Münafiq xarakterli insanların bu xüsusiyyətlərini Allah Quranda “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər...” (Münafiqun surəsi, 4) ayəsiylə xəbər vermişdir.

Halbuki səmimiyyətin təqlidi yoxdur. Bir insanın zahiri xüsusiyyətləri təqlid edilə bilər, lakin səmimiyyət tam olaraq yaşanmadan adamın göstərə biləcəyi bir xüsusiyyət deyil. Buna görə də onların həqiqi üzlərini ancaq möminlər Quranın özlərinə yol göstərməsiylə hiss edib görə bilərlər. Allah Quranda Peyğəmbərimiz (s.ə.v)-in dövründə də din əxlaqını yaşamaqda qəsdən passiv davranan bu tip insanların olduğunu bildirir. Bu kəslər müsəlmanları təqlid edərək hz. Məhəmməd (s.ə.v)-in yaxınlarının arasına qədər girə bilmişdirlər. Allah istədiyi təqdirdə bu cür insanları Peyğəmbərimizə üzlərindən tanıdacağını xəbər vermişdir:

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan... (Məhəmməd surəsi, 30)

Bu insanlar səmimiyyətsiz və süni rəftarlarla özlərini müsəlman kimi tanıtmağa çalışarkən əslində içlərində fırtınalar qopar. Qəlbən inanmadıqları, təsdiq etmədikləri bir həyatı yaşamaq, həmişə təqlid etmək məcburiyyətində olmaq onlar üçün bir növ əzabdır. Göstəriş üçün namaz qılmaq, gözəl söz danışmaq, təvazökar görünmək, sevirmiş kimi etmək, içindən gəlmədiyi halda, islamın xeyri naminə faydalı fəaliyyətlər göstərmək dinə və müsəlmanlara qarşı daxilən kin bəsləyən bu insanlar üçün heç də asan deyil. Yenə də mənfəətlərinə daha uyğun olduğunu düşünərək, nəfsləriylə zidd düşən bir mühit yaranana qədər öz-özlərinə meydana gətirdikləri bu saxta şəxsiyyətdə yaşamaqdan imtina etməzlər. Ancaq nəfslərinə xeyli ağır gələn böyük bir çətinliklə qarşılaşdıqları təqdirdə artıq təqlid edəcək gücləri qalmaz və yavaş-yavaş həqiqi üzləri aşkara çıxarmağa başlayar. Ümid etdikləri kimi mənfəət əldə edə bilmədiklərini gördükləri vaxt əvvəllər təqlidi olaraq etdiklərini də etməməyə və kinlərini aşkara çıxartmağa başlayarlar.

Din əxlaqını yaşamaqda passiv davranan bu kəslər bəzən də insanların diqqətini özlərindən yayındırmaq üçün təqlid qabiliyyətlərindən istifadə edərlər. Xüsusilə etdikləri səmimiyyətsiz rəftarlar müsəlmanlar tərəfindən başa düşüldükdə, insanların diqqətini özlərindən yayındırmaq üçün düşdükləri vəziyyətə uyğun gördükləri bir şəxsiyyəti təqlid edərlər. Yerinə görə özlərini saf, uşaq kimi, hadisələri qavraya bilməyən kəslər olaraq tanıdar, yerinə görə də bunun tam əksi yırtıcı, mübahisəçi olduqca tərs və təcavüzkar bir şəxsiyyətə bürünərlər. Bunu edərkən öz aləmlərində müsəlmanları aldatdıqlarını zənn edərlər. Halbuki Allahı və iman edənləri aldatdığını düşünən kimsə, yalnız öz özünü aldadır:

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

Üzlərinin Nursuz Olması

Özlərini müsəlman kimi tanıtmalarına baxmayaraq əslində dinə və müsəlmanlara qarşı nifrət bəsləyən insanların üzləri səmimi müsəlmanlarda olduğu kimi təmiz və nurlu olmaz. Allah Quranda müsəlmanlar üçün “...Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir...” (Fəth surəsi, 29) buyurur və üzlərindən müsəlman olduqlarının başa düşüldüyünə diqqət çəkir. Başqa bir ayədə isə, müsəlmanların cənnətdə də üzlərində parlaqlıq və nurlu bir ifadə olacağı belə bildirilmişdir: “Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən”. (Mutaffifin surəsi, 24)

Bəhsi keçən insanların üzlərindəki ifadə isə bunun tam əksinə olduqca əsrarəngiz və qaranlıqdır. Üzlərində səmimi, etimad təlqin edən, parlaq bir ifadə meydana gəlməz. Bunun səbəbi əslində bu insanların ruhlarında yaşadıqları qaranlıqdır. Pis işlər görmələrinə və müsəlmanlara qarşı yalan danışdıqlarına görə Allah bu insanların qəlbinə sıxıntılı, narahat və həyəcan dolu bir qaranlıq çökdürər. Qəlblərindəki bu güclü təzyiq isə üzlərində nursuzluq kimi əks olunar. Allah ayəsində bu insanlardakı nursuzluğu belə bildirmişdir:

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. (Yunis surəsi, 27)

Peyğəmbərimiz (s.ə.v) də bu cür insanların nursuzluqlarına diqqət çəkmiş və yalan danışdıqlarından ötrü inanclarını itirdiklərini ifadə etmişdir:

Qul yalan danışmağa və yalan danışmaq niyyətini davam etdirdikdə bir vaxt gələr ki, qəlbində əvvəlcə qara bir nöqtə əmələ gələr. Sonra bu nöqtə böyüyər və qəlbinin hamısı qapqara olar. (Muvatta, Kelam 18- 2, 990)

Həqiqi bir müsəlmanın üzü isə, “Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar.” (Yunis surəsi, 26) ayəsində bildirildiyi kimi həmişə nurludur, ətraflarındakı insanlara da yüngüllük verər. Ayədə işarə edildiyi kimi yaxşı işlər görənlərə buna uyğun gözəl bir qarşılıq vardır. Bəhsi keçən insanlara da yenə öz əxlaqsızlıqlarına uyğun bir qarşılıq var. Allah bir ayəsində dünyada etdiklərindən ötrü üzləri qaralan bu insanların axirətdə də bənzər bir vəziyyətdə olacaqlarını bildirir:

O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!” – deyiləcəkdir. (Ali İmran surəsi, 106)

Bu kəslərin baxışlarındakı pozuqluğun ortaya çıxdığı anlardan biri də, özlərində İslama xidmət etmələrinin istəndiyi və ya onlara görə rahatlıqlarının pozulacağını düşündükləri anlardır. Hz. Məhəmməd (s.ə.v) dövründə yaşayan bənzər əxlaqdakı insanlardan, Peyğəmbərimiz (s.ə.v.)-lə birlikdə döyüşə çıxmaları istəndiyində baxışlarında olan ifadə bu vəziyyətin nümunələrindən biridir. Ayədə belə bildirilmişdir:

Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən... (Məhəmməd surəsi, 20)

"Mallar və oğullar ehtirası" ilə din əxlaqından güzəştə getmələri

Allah dünyada qullarını bir çox mövzu ilə sınayır. Allahın dünyada yaratdığı bu imtahan mövzularından biri də mal və uşaq sahibi olma istəyidir. Allah malların və oğulların dünyaya aid müvəqqəti bəzəklər olduğunu ayədə belə bildirir:

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Peyğəmbərimiz (s.ə.v) bir hədisində bu həqiqətə belə işarə etmişdir:

Hər ümmət üçün bir fitnə vardır, mənim ümmətimin fitnəsi də mal-dövlətdir.

Rəbbimiz, mal-dövlətin və uşaqların insanlar üçün bir imtahan olduğunu bildirmişdir. (Ənfal surəsi, 28) Buna görə də, möminlər Allahın dünya həyatında özlərinə verdiyi nemətlərin bir imtahan olduğunu bilər və buna görə davranarlar. Allah özlərinə nemət verdikdə buna sevinər, şükür edər və bu nemətlərdən Allah yolunda ən yaxşı şəkildə istifadə etməyə çalışarlar. Əgər Allah mal-dövlət verirsə, bu mal-dövləti islamın xeyri üçün ən yaxşı şəkildə istifadə etməyə yol axtararlar. Allahın özlərinə uşaq vermədikdə isə, uşaqlarını səmimi bir mömin olaraq böyütmə mövzusunda əllərindən gələni edərlər. Bütün bunları edərkən həmişə ilk növbədə Allahın rizasını qazanmağa çalışar və həmişə İslama xeyir verəcək şəkildə fəaliyyət göstərərlər. Bundan əlavə, əgər Allah onlara verdiyi bu nemətləri müəyyən bir səbəblə onlardan almalı olsa, yenə çox təslimiyyətli və təvazökar davranar, Allahın yaratdığı hər şeydə bir xeyir olduğunu bilərlər.

Quran əxlaqını yaşamaq mövzusunda bitərəf davranan kəslər isə, Allahın onlara nəsib etdiyi mal-dövlət və uşaqlar mövzusunda çox fərqli bir rəftar göstərərlər. Mal-dövlətə qarşı duyduqları hərislik və düşgünlük, hadisələrə baxışlarında tamamilə öz əksini tapmışdır. Allahın özlərinə nəsib etdiyi mal-dövləti dünya həyatının keçici bir zinəti kimi qiymətləndirmədikləri üçün, sahib olduqlarını zənn etdikləri hər şeyi hərisliklə qorumağa çalışarlar. Bu qoruyuculuq xəsisliyə qədər gedib çatır. Bu əsnada sahib olduqlarını özlərinə verənin Allah olduğunu ağıllarına gətirməz, müxtəlif hiylələr quraraq əllərindən gəldiyi qədər bunları özlərinə saxlamağa çalışarlar. Allah onların bu xəsisliklərini Quranda belə bildirir:

Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız... (Məhəmməd surəsi, 38)

Özlərinə aid əşyaları diqqətlə qoruyar, ancaq başqa bir möminin malını heç də özlərininki kimi diqqətlə qorumazlar. Öz əşyalarına olan qoruma hissi onlarda bir cür refleks kimi işləyər. Digər şəxslərin mallarına qarşı isə diqqətdən kənar, hətta bədxərc deyilə biləcək bir tərzdə yanaşarlar. Bunlardan olduqca nifrətlə istifadə edər, möhkəm və təmiz qalmalarına diqqət yetirməzlər.

Eyni münasibəti özləriylə əlaqədar digər mövzularda da göstərərlər. Öz yeyib-içmələrinə, sağlamlıqlarına çox diqqət göstərər, amma möminlərin bu ehtiyacları üçün heç bir səy göstərməzlər. Bir insanın öz sağlamlığını qoruması, yeməyinə, içməyinə diqqət yetirməsi, xəstələnməmək üçün səy göstərməsi olduqca ağıllı bir davranışdır. Ancaq möminlər Allahdan qorxduqları və vicdanlı olduqları üçün mömin qardaşlarını da özləri qədər hətta özlərindən daha çox bir həssaslıqla qoruyar və nəzarət edərlər. Allah möminlərin bu rəftarını Quranda belə bildirir:

...Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar... (Həşr surəsi, 9)

Ancaq bu kəslər həmişə ilk növbədə özlərini qoruyar, hətta özləri üçün möminlərin həyatını təhlükəyə atmaqdan belə çəkinməzlər.

Bu kəslərin uşaqlarına göstərdikləri qayğı və diqqət isə Allaha şirk qoşmağa qədər gedib çıxa bilər. Allah bir müsəlmana bir uşaq nəsib etsə, o uşağına faydalı və təmiz bir həyat təqdim etməli, onun Allaha iman edən səmimi bir mömin olması üçün səy göstərməlidir. Ancaq bu kəslər həm uşaqlarının saleh bir müsəlman olması üçün lazım gələn diqqəti göstərməz, həm də onları özlərinin mübarizədən geri qalmalarına bir bəhanə kimi göstərmək istəyərlər. Allah Quranda, Peyğəmbərimiz (s.ə.v)-in dövründə də münafiqlərin bənzər yolla öz sosial vəziyyətlərini irəli sürdüklərini bildirmişdir:

Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər... (Fəth surəsi, 11)

...İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)

Qısqanc və Təkəbbürlü Olmaları

Allah hər insana anadangəlmə bəzi xüsusiyyətlər və qabiliyyətlər vermişdir. Bu xüsusiyyətlər mövcud olan digər hər şey kimi, bir tale əsasında yaradılmışdır. Hər kəsin gözəlliyi, zəkası, qabiliyyətləri və digər bütün xüsusiyyətləri Allahın dilədiyi taledədir. Bu aydın həqiqətə baxmayaraq bəzi insanlar xüsusiyyətlərinin özlərinə məxsus olduğunu bilərlər. Böyük bir cəhalətlə, “...Onlar özləri haqqında yüksək fikirdə oldular...” (Furqan surəsi, 21)ayəsində xəbər verildiyi kimi, bu xüsusiyyətlərindən ötrü özləri haqqında yüksək fikirdə olarlar. Məsələn, bəzən unutduğu üçün qurduğu cümləni belə tamamlaya bilməyən və Allah diləməyi təqdirdə əsla xatırlamayacaqlarına baxmayaraq, sahib olduqları biliklərin özlərinə məxsus olduğunu zənn edərlər. Ya da bunun əksinə digər insanlara nəzərən daha qüsurlu görünən bir cəhətlərini problem halına gətirərlər. Beləliklə də, Allahın hər şeyin yaradıcısı və hakimi olduğunu unudaraq, özlərini müstəqil bir varlıqmış kimi (Allahı tənzih edirik) qiymətləndirərlər. Onların bu yanlış məntiqlərinin əsasında isə eqoizm durur. Halbuki, Allah bütün varlıqlar kimi özlərini də yoxdan var etmişdir, onlar da bütün varlıqlar kimi xeyli acizdirlər. Onların da, bütün aləmlərin də sahibi Allahdır. Özü dərk etsə də, etməsə də Allaha boyun əymişdir və Onun diləməsi istisna olmaqla tək bir addım atması, tək bir söz belə deməsi qeyri-mümkündür. Ağlından keçən hər düşüncəni, gizlədiyi və ya aşkara çıxartdığı hər mövzunu, çəkdiyi hər əziyyəti, yaşadığı hər çətinliyi, ürəyinə gələn hər vəsvəsəni, etdiyi hər duanı, hiss etdiyi hər sevinci, xoşbəxtliyi, hüzuru yaradan Allahdır və bunları bütün incəlikləriylə birlikdə bilir. Hud surəsinin 56-cı ayəsində bildirildiyi kimi Allahın,”... Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın...”

Bu şəxslərin bu həqiqətləri bildikləri halda görməzlikdən gəlmələrinin səbəbini Allah ayəsində belə bildirər:

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

Müsəlmanlar bu kəsləri daima həqiqətlərə dəvət etmələrinə baxmayaraq, onlar Allahın “ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər...” (Loğman surəsi, 7) ayəsində xəbər verildiyi kimi haqdan üz döndərərlər. Öz-özlərini gözlərində elə böyüdərlər ki, Allahın, “...Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!” (Qamər surəsi, 24) ayəsində bildirdiyi həm bir təkəbbür, həm də səmimi iman gətirənlərə qarşı qısqanclıq içindədirlər.

Müsəlmanları passivləşdirməyi qarşılarına məqsəd qoyan bu kəslər qürurlu və qısqanc rəftarlarıyla diqqət çəkən insanlardır. Bu insanlar, kitabın əvvəlindən bəri bildirdiyimiz kimi, müsəlmanlara qarşı qəlblərində nifrət gizlədən və onlara gələcək hər cür xeyirə mane olmağı qarşılarına məqsəd qoyan kəslərdir. Müsəlmanların sahib olduqları gözəllik və nemətlərdə bir artım olması bu insanlara ciddi bir çətinlik verər. Müsəlmanlara qarşı duyduqları qısqanclıq elə bir səviyyəyə çatır ki, möminlərin yaşadıqları yerlərin gözəlləşməsi, sahib olduqları imkanların artması onlarda böyük narahatlıq meydana gətirər. Hətta bu nemət artışı onları o qədər narahat edər ki, buna görə də aralarında fiziki çətinliklər çəkənlər belə olar.

Allah, bu kəslərin möminlərin xeyrinə baş verən hadisələrdən keçirdikləri narahatlıq hissini, “Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!” – deyər və sevinə-sevinə çıxıb gedərlər” (Tövbə surəsi, 50) ayəsiylə möminlərə xəbər vermişdir. Kiçik-böyük, maddi-mənəvi bütün gözəlliklərin və nemətlərin artması müsəlmanlara şükür və sevinc vəsiləsi olarkən, bu insanların qısqanclıqlarının daha da artmasına səbəb olur.

Allahın “...Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini istədiyi şəxsə məxsus edir...” (Bəqərə surəsi, 105) ayəsində bildirdiyi kimi, Allahdan müsəlmanlara xeyir və mərhəmət nazil olmasını istəməzlər. Hətta istəməməkdən də əlavə, “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz...” (Ali İmran surəsi, 120) ayəsində bildirildiyi kimi, müsəlmanların arasında yaşamalarına baxmayaraq onlara fəlakət üz verməsinə sevinərlər. Bu ruh halları onların həqiqi niyyətlərini göstərən açıq bir dəlildir.