Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Müsəlmanlarin Arasinda Yaşayan Passiv İnsanlarin Hansi Məqsədləri Var?

Pasifizmin ən vacib təhlükələrindən biri, bu zehniyyəti müdafiə edən insanların müsəlmanlar arasında yaymağa çalışdıqları xarakterdir. Öz mənfəətlərini və rahatlıqlarını, dinin mənfəətindən və müsəlmanlardan üstün tutan kəslərin ən diqqət yetirilməli olan cəhətlərindən biri də, münasibət və davranışları ilə digər insanlara, xüsusilə də, zəif xarakterli olan kəslərə gizli şəkildə verməyə çalışdıqları mesajdır. Bu mesajın nə mənaya gəldiyini başa düşə bilmək üçün, pasifizmi müdafiə edən insanların xarakterlərini və zehniyətlərini yaxşı analiz etmək lazımdır. Çünki bu insanlar çox vaxt, Allahın adından istifadə edə bilir, davranışlarını guya dindar olduqlarını qarşıya qoymaqla izah edə biləcəklərini güman edirlər. Buna görə də müsəlmanların bu mövzuda çox diqqəti olmaları, pasifist insanların verdikləri təlqinlərin nələrə başa gələ biləcəyini yaxşı müəyyənləşdirmələri, lazımlı tədbirləri görmələri olduqca əhəmiyyətlidir. Eyni əxlaqdakı insanlar Peyğəmbərimiz (s.ə.v) dövründə də yaşamış və özləri möminlərlə birlikdə döyüşməkdən qaçdıqları kimi, digər müsəlmanları da mübarizədən uzaqlaşdırmaq üçün fəaliyyət göstərmişlər. Bu insanların vəziyyətini Rəbbimiz belə bildirmişdir:

 

Allah aranızdan camaatı cihaddan çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!” – deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar. 

(Əhzab surəsi, 18)

 

Quranda bir çox ayədə təsvir edilən bu xarakterin ən diqqətə çarpan xüsusiyyəti, inkarçı ideologiyalara qarşı həyata keçirilən fikri mübarizədən mümkün olduğu qədər qaçmaq və digər möminləri də belə bir mübarizədən uzaq tutmaqdır. Bu kəslər həm rəftarlarıyla, həm də danışıqlarıyla, fikri mübarizənin əhəmiyyətini yüngülləşdirməyə, möminlərin diqqətini başqa yerlərə çəkməyə cəhd göstərərlər. Fikri mübarizədə iştirak etmək əvəzinə, geridə qalmağı seçərlər. Şövq və həyəcanın, Allah yolunda səy göstərməyin özlərini ziyana uğradacağını irəli sürərlər. Ancaq ziyana uğramayacaqlarını düşünərlərsə, möminlərə qoşula bilərlər. Halbuki iman edənlərin, Allaha və axirət gününə inanmayan, din əxlaqından uzaq yaşayan kəslərin fikir sistemlərinə qarşı, onları doğru yola dəvət etmək, müdafiə etdikləri azğın ideologiyaları fikirlə məğlub etmək üçün həyata keçirdikləri mübarizə, tarixi bir mübarizədir. Quranda bildirilən peyğəmbərlərin hekayələrində də bu fikri mübarizənin nümunələri görünür.

Allahın varlığına və birliyinə iman edən, axirətdə hesaba çəkiləcəyini dərk edən, Quran əxlaqını bilən insanların digər insanlara da bu həqiqətləri izah etmələri, şübhəsiz ki, çox böyük bir məsuliyyətdir. İnsanların bir qismi məlumatsızlıq, bir qismi də səhv məlumatlandırma səbəbiylə Quran əxlaqını yaşamır. Quran əxlaqının lazım olduğu kimi yaşanmaması isə, indiki vaxtda insanlara böyük sıxıntı verən sui-istifadə hallarının, əxlaqsızlığın, qarşıdurmaların, yoxsulluqların əsasında iştirak edən əsl ünsürdür. Digər tərəfdən, dünyanın bir çox yerində müsəlmanlar da böyük sıxıntı və problemlərlə üz-üzədir. Müsəlman qadınlar və kişilər “Rəbbimiz Allahdır” dedikləri üçün zülmə məruz qalır, günahsız uşaqlar güllələnir, qaçqın düşərgələrində minlərlə müsəlman yoxsulluq içində həyatlarını davam etdirməyə çalışırlar. Bu mənzərə qarşısında, edilməli olan, əlbəttə ki, yalnız müsəlmanlara deyil, ehtiyac içində olan bütün insanlara təcili surətdə yardım əlini uzatmaqdır. Həmçinin, bu məzlum insanların problemlərinə müvəqqəti deyil, daimi çıxış yollarının tapılması da şərtdir. Problemin dindənkənar ideologiyaların təlqinlərindən və tətbiqlərindən qaynaqlandığı həqiqəti göz qarşısında saxlanıldıqda, çıxış yolunun da Quran əxlaqının mümkün olduğu qədər sürətli bir şəkildə yayılması olduğu aydın görünür. Bir ayədə belə buyurulur:

 

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

 

Vəziyyət belə olduqda, passivlik tərəfdarı kəslərin, müsəlmanları tənbəl bir xarakterə sövq etmək cəhdləri, onları olduqca əhəmiyyətli olan bu fikri mübarizədən geri saxlamaq istəmələri, zəif imanlı kəslərə də mübarizənin lazım olmadığı yanılmasını təlqin etmələri çox ciddi bir vəziyyətdir. Məhz bütün səbəblərdən ötrü bu kəslərin bəhs edilən məqsədlərinə çatmaq üçün tutduqları yollar, gizli və açıq tətbiq üsulları bilinməli və ifşa edilməlidir. Bu kəslərin saxta təlqinlərinə, passivliklərinə və tənbəlliklərinə qarşı görüləcək tədbir isə, möminlərin özlərini və mömin qardaşlarını sövq edici bir rəftar içində olmaları, əzmlə, şövqlə və sevgiylə işlərinə davam etmələridir. “…Möminləri də döyüşə təşviq et!...” (Nisa surəsi, 84) həm hər müsəlmanın məsuliyyətidir, həm də bəhsi keçən kəslərin fitnələrinə qarşı ən əhəmiyyətli maneələrdən biri olacaq.

Sonrakı sətirlərdə din əxlaqında bitərəf davranan, passiv qalmağı seçən bu insanların əsl məqsədlərini araşdıracağıq.

 

Azğın Din Anlayışlarını Yaymaq Istəyərlər

Möminlərin arasında onları passivləşdirməyə çalışan kəslərin əslində həqiqətdə Quran əxlaqından tamamilə uzaq, olduqca yanlış bir din anlayışları var. Bu anlayışlarının ən diqqətə çarpan xüsusiyyətlərindən biri isə, dini tam yaşamamaları və əslində, “insanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir...” (Həcc surəsi, 11) ayəsində buyrulduğu kimi, tam mənasıyla iman etməmələridir. Buna görə də həqiqi mənada dinin bütün hökmlərini yaşamazlar.

Səmimi müsəlmanların isə həyatlarının hər anı Allahın Quranda bildirdiyi kimidir. Yeyib-içmələrindən təmizlik anlayışlarına, sevgi və hörmətlərindən vəfalarına, fədakarlıqlarına qədər yüzlərlə mömin xüsusiyyətinin bir yerdə olmasıyla qazanılan ortaq bir əxlaq strukturları və həyat tərzləri vardır. Həqiqi bir dindar, vaxtaşırı müxtəlif səhvləri olsa da, bu xüsusiyyətlərin hamısını -heç bir güzəştə getmədən- yaşamağa çalışar. Ancaq pasifizmi müdafiə edənlər, dinin bütün hökmlərini Allahın Quranda bildirdiyi şəkildə yaşamadan da, müsəlman olmağın mümkün ola biləcəyini iddia edərlər. Olduqca azğın və Quran əxlaqına uyğun gəlməyən bu inanclarından ötrü də səmimi müsəlmanlara aid bir çox xüsusiyyətdən məhrumdurlar.

Onlar etdikləri hər şeyi təqlidi olaraq edər və müsəlman icması arasında diqqət çəkməmək məqsədilə bir həyat yaşayarlar. Allaha və Peyğəmbərə qeyd-şərtsiz itaət etmək, təvazökarlıq, səmimiyyət, Allaha və möminlərə dərin bir sevgi və hörmət, sədaqət, vəfa, fədakarlıq, incə düşüncə kimi gözəl əxlaq xüsusiyyətlərini bu kəslərdə görmək olduqca çətindir. Məsələn, möminlərin əhəmiyyətli bir xüsusiyyəti olan fədakarlıq onlar üçün tətbiq olunması ən çətin xüsusiyyətlərdən biridir. Çünki bir adamın fədakar olması demək, öz istəklərindən imtina edib qarşı tərəfin mənfəətini ön planda tutması mənasına gəlir. Allah qorxusu zəif olan və ya heç olmayan bu şəxslər üçün isə, bu çox çətin, sanki can yandırıcı olur. Buna görə də ümumiyyətlə fədakarlıq etmələri lazım olan vəziyyətlərdə öz nəfslərindən mümkün olduğu qədər az güzəştə gedərək, yalnız saxta rəftarlar göstərməyi seçərlər. Həmçinin vicdanlarından səmimi möminlər kimi istifadə etməyən, bu kəslərin həmişə “mən mərkəzli” hərəkət etdikləri müşahidə olunar. Möminlər kiçik kimi görünən bir hadisədən mühüm qərarlarına qədər hər anlarında vicdanlarının əmr etdiyi kimi davrandıqları üçün, bu kəslərin rəftarlarını səmimi möminlərin həyatlarıyla müqayisə etdikdə çox diqqət çəkər.

İman edən bir insan üçün meyar Allahın rizasıdır. Passivlik tərəfdarları üçünsə əhəmiyyətli olan öz mənfəətlərinə bir zərər gəlmədən, insanları aldada bilməyi bacarmaqdır. Ətraflarında guya dindar olaraq tanınmaq və bunun üçün də ətrafdakı müəyyən mövzulara diqqət yetirmək bu kəslər üçün kifayətdir. Bu məqsədlə 5 vaxt namaz qıla bilər, oruc tuta bilər, vaxtaşırı kasıblara kömək edə bilər, cəmiyyət içində olarkən müəyyən qaydalara tabe ola bilərlər. Ancaq pisliklərə qarşı fikri bir mübarizə aparmağa əsla yaxın durmaz, ağıl, fərasət və bəsirət tələb edən işlərdən çəkinərlər.

Bu kəslər üçün məqsəd, minimum işlə öz aləmlərində maksimum fayda təmin etməkdir. Ətraflarındakı insanlara da bunu təlqin edərlər. Əlbəttə ki, nəzərdə tutduqları fayda dünya həyatına istiqamətli mənfəətlərdir. Yoxsa Allah rizası üçün fayda təmin etmək istəyən insanın hər an vicdanlı hərəkət edəcəyi aydındır. İnsanları aldadaraq fayda verəcəyini zənn edənlərin böyük bir yanılma içində olduqları isə, Quranda bizə bildirilmiş olan bir həqiqətdir. Rəbbimiz belə buyurur:

 

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. (Bəqərə surəsi, 9)

 

Səmimi olaraq iman edənlər isə, əllərindəki bütün imkanlardan istifadə edərək Allah yolunda gözəl əxlaqı yaymaq üçün səy göstərərlər. Adamın səmimi imanının və elçiyə olan itaətinin ən əhəmiyyətli göstəricilərindən biri, şövqü, həyəcanı və fədakarlığıdır. Möminlər əsl razı salınmalı olanın Rəbbimiz olduğunu bilirlər və yuxularından yeməklərinə, sevdikləri bir filmi seyr etməkdən alver etməyə qədər gündəlik həyatın hər incəliyində, anbaan vicdanlarından istifadə edərək yaşayarlar. Həmişə çox ağıllı, təvəkküllü, şəfqətli, mərhəmətli, incə düşüncəli və təvazökar olurlar. Quran əxlaqını həyatlarına tətbiq etməkdə passiv davranan və dinin əxlaqi əsaslarına əhəmiyyət verməyən kəslərdə isə bu xüsusiyyətlər diqqət çəkici şəkildə əskikdir. Onların seçimləri çox vaxt vicdanlarına görə deyil, nəfslərinə görə olar.

 

Müsəlmanları Zəiflətməyi Və Onları Ləngitməyi Qarşılarına Məqsəd Qoyarlar

Müsəlmanların arasında yaşayan münafiq xarakterli insanların əsas məqsədlərindən biri öz aləmlərində dinə və müsəlmanlara mümkün olduğu qədər zərər verməkdir. Allahın “...onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir” (Ali İmran surəsi, 120)ayəsinin hökmünə görə, əslində heç vaxt müsəlmanlara zərər verə bilməyəcək olsalar da, bu məqsədlərinə çatmaq üçün hər cür fürsətdən istifadə edərlər.

Həmişə xeyir və fayda gətirəcək işlər görmək möminlərin əhəmiyyətli xüsusiyyətlərindəndir. Möminlər bir işlərini bitirdikdən sonra tezliklə başqa bir işə keçərək Allahın rizasını və axirətdə gözəl bir məqamı qazanmağa cəhd edərlər. Onları passivləşdirməyi qarşılarına məqsəd qoyan insanlar isə tam əksinə, mümkün olduğu qədər passiv davranar, möminlərə də mane olmağa çalışarlar. Möminlərin işlərinə mane olduqları, onların başlarını boş işlərə qatdıqları təqdirdə bir zərər verə biləcəyini, ən azından ediləcək faydalı işləri yubandıra biləcəklərini düşünərlər. İlk baxışda onların başlarını qatmalarıyla möminlərin vaxtlarının getdiyi və bu kəslərin də məqsədlərinə çatdıqları düşünülə bilər. Halbuki Quran əxlaqına görə həqiqət belə deyil. İman edən bir insan üçün etdiyi işin məzmunu deyil, o işi görmək məqsədi əhəmiyyətlidir. Digər bir sözlə, mömin hər an Allah rizası üçün fəaliyyət göstərdiyindən, bu kəslərin maneələrini aradan qaldırarkən də, başqa bir şey üçün səy göstərərkən də -Allahın izni ilə- xeyir qazanar. Axirətdə də Allahdan ən xeyirli qarşılığı alacağını ümid edər.

Pasifist kəslər, möminlərin vaxtlarını almaq üçün ümumiyyətlə, onları özləriylə məşğul edərlər. Məqsədləri möminləri də bu yolla passivləşdirmək, başqa işləriylə məşğul olmalarına mane olaraq müsəlmanlar arasında passiv bir xarakter meydana gətirməkdir. Buna görə də, bütün güclərini və diqqətlərini İslamın xeyiri, müsəlmanların faydası üçün toplayan möminlərin qarşısına, əksəriyyəti süni olaraq yaradılmış şəxsi problemlərləriylə çıxarlar. Əxlaqi pozğunluqları, Qurana zidd rəftarları, etdikləri işlərdəki laqeydlikləriylə iman edənlərin diqqətlərini çəkərlər. Xüsusilə də, çox asanlıqla başa düşə biləcəkləri mövzuları anlamazlıqdan gəlmələri, eşitdikləri bir sözü eşitməmiş kimi davranmaları, tezliklə görülüb bitirilməsi lazım olan bir işi mənasız təfərrüatlara girərək yubandırmaları, asta işləmələri, passiv və şövqsüz olmalarıyla müsəlmanlara mane olmağa və onların sürətlərini kəsməyə cəhd göstərərlər. Tezliklə görülməsi lazım olan bir işi müxtəlif bəhanələr uydurmaqla təxirə salar, edilməməli olan bir şeyi isə edərlər. Cavabını çox yaxşı bildikləri halda sanki heç bilmirmiş kimi təkrar-təkrar eyni sualı soruşar, özlərindən istənilən işi dəfələrlə təsvir etdirərlər. Bütün bu rəftarlardakı ümumi məqsəd, möminlərin vaxtlarını almaq, görüləcək yaxşı işləri mümkün olduğu qədər yubandırmağa çalışmaq və qəlbində xəstəlik olan digər kəslərə də mənfi nümunə meydana gətirməkdir.

Bu kəslər müsəlmanların işlərinə mane olmağı qarşılarına məqsəd qoyub çətinlik yaratmaqla, bir tərəfdən də mömin birliyi içindəki digər şəxslərin də özləri kimi davranmalarını istəyərlər. Onları da qeyri ciddi olmağa sövq etməyi qarşılarına məqsəd qoyarlar. Beləcə həm özlərinin, həm də mümkün olduğu qədər çox adamın asta davranmasını planlayarlar. Onların zəif rəftarlarından güc alan zəif xarakterli digər bəzi kəslər də işləri yubandırmağa, çətinlik yaratmağa, möminləri özləriylə məşğul etməyi niyyət edə bilərlər. Hadisələri Quran əxlaqıyla qiymətləndirmədikləri üçün, müsəlmanları passivləşdirməyə çalışanların göstərdikləri mənfi rəftarları yanlış görməz, əksinə onlar kimi davranmağın daha məntiqli olduğunu düşünərlər. Halbuki istər passivləşmiş kəslərin, istərsə də onlardan təsirlənənlərin qərarları və bu istiqamətdəki səyləri zənn etdikləri kimi dinə verilmiş bir zərər deyil, əksinə çox xeyirli bir haldır. Bu kəslərin varlığı və fəaliyyətləri, həm səmimi möminlərin daha çox şövqlənmələrinə, həm də gördükləri işlərdə daha əzmli və beləcə də daha müvəffəqiyyətli olmalarına vəsilə olar. Quranda bildirildiyi kimi, doğru yolla gedənlərə, doğru yoldan azanların zərər verməsi qeyri-mümkündür:

 

Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir. (Maidə surəsi, 105)

 

Şübhəsiz ki, bu kəslərin ən böyük səhvlərindən biri, içlərində olduqları vəziyyətin fərq edilmədiyini zənn etmələridir. Quranda xarakterləri və rəftarları təfərrüatlı olaraq təsvir edilmiş bu tərz insanları, möminlər asanlıqla müəyyənləşdirə bilər və bunlara qarşı lazımlı bütün tədbirləri ən ağıllı şəkildə görərlər. Məsələn, heç vaxt təcili olaraq edilməli olan bir işi bu kəslərə əmanət etməzlər. Allahın “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir...” (Nisa surəsi, 58)ayəsinə görə əmanəti sahibinə verər, onları şüurlu olaraq arxa planda tutarlar. Ancaq bu kəslər içində olduqları ağılsızlıq üzündən bu cür vəziyyətlərdə sevinər və öz aləmlərində bunu öz bicliklərinin bir nəticəsi olaraq qiymətləndirərlər. Onlara görə əhəmiyyətli olan Allahın rizasını qazanmaq olmadığı üçün, nə qədər az iş görsələr o qədər xeyir qazandıqlarını zənn edərlər, halbuki çox böyük ziyandadırlar. Həmçinin bütün etdikləriylə, müsəlmanları passivləşdirməyin əksinə, onların diqqətlərini daha da açaraq insan xarakterlərini tanımaq mövzusundakı təcrübələrinə əhəmiyyətli bir töhfə verərlər. Möminlərin bu kəslərə öyüd-nəsihət verməyə davam etmələri, onları etdikləri pisliklərdən çəkindirmək işləri isə, bunun, Allahın özlərinə yüklədiyi bir məsuliyyət olmasından ötrüdür. Çünki Allah iman edənlərə yaxşılığı əmr etməyi və pis işləri qadağan etməyi əmr etmişdir.

 

Zəif Imanlılar Üzərində Şeytani Təsirlərinin Olması

Özlərini din əxlaqını lazım olduğu kimi yaşamaq mövzusunda passivləşdirmiş kəslərin məqsədlərindən biri də, zəif imanlı kəsləri öz təsirlərinə məruz qoyub, öz tərəflərinə çəkməkdir. Lakin şeytanın təsirində olan bu kəslər, yenə ancaq öz əxlaqlarına bənzər əxlaqa sahib olan kəslər üzərində neqativ bir təsir meydana gətirə bilərlər. Səmimi möminlərə heç bir zərər verə bilməzlər. Allah səmimi olaraq iman edənləri şeytanın və şeytanın dostlarının təlqinlərindən qoruyar. Şeytanın səmimi möminlərin üzərində bir təsirinin olmayacağı Quranda Allahın bildirdiyi bir həqiqətdir:

 

İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”. (Hicr surəsi, 39-40)

 

Digər tərəfdən münafiq xarakterli, qəlbində xəstəlik olan və ya zəif imanlı kəslər, passivlik təlqinlərinin təsiri altında qala bilərlər. Pasifist kəslərin etdikləri işləri yubandırmaları, mübarizə şövqlərinin olmaması, Allahı yad etməkdə göstərdikləri zəiflik, fədakarlıqdan çəkinmələri, olduqca səthi insanlar olmaları, mümkün olduğu qədər az iş görərək başlarını qatmaq işləri, tənbəllikləri, həmişə hər işdə asan olanı seçmələri, neqativ və ruhsuz baxışlarla ətrafı nəzərdən keçirmələri, dindar olmağın dərin şövqündən və sevincindən məhrum olmaları, daim yuxulu və baxımsız bir görünüş nümayiş etdirmələri zəif imanlı insanlara bir mesajdır. Bu rəftarlarıyla, onları da qeyri-ciddi olmağa sövq etmək, özlərinə oxşatmaq və mümkün olduğu qədər çox adamı passivləşdirmək istəyərlər. Bu kəslər, öz təsirləri altına sala biləcəkləri insanları rəftarlarından və üslublarından tanıyar, ilk növbədə bu tərz insanlara yönələrlər. Öz düşüncələrinə uyğun olduğuna inandıqları kəsləri seçər, bu kəslərə heç kimin fərq edə bilməyəcəyini zənn etdikləri gizli mesajlar verər, gizli bir dillə bu kəslərlə razılaşarlar.

Müsəlmanlara fayda təmin edəcək bir işi görmək əvəzinə, ixtiyari bir işlə başlarını qatmaq qəlbində xəstəlik olan bir adamın digərlərinə “bu qədər səy göstərməyinizin heç bir mənası yoxdur, baxın mən necə də kef çəkirəm, siz də mənim kimi edə bilərsiniz” mesajıdır. Fədakarlıq ediləcək bir məqamda eqoistlik etmək, məsələn hər şeyin ən yaxşısını özünə ayırmaq və müsəlman qardaşlarını düşünməmək, “başqalarını deyil, əvvəlcə özünüzü düşünün” deməkdir. Müsəlmanlara qarşı təslimiyyətli və hörmətli bir rəftar əvəzinə, iynələyici və hörmətsiz bir rəftardan istifadə etmək “qarşınızdakı insanı ancaq belə əzər və özünüzü üstün görə bilərsiniz” təlqini verməkdir. Halbuki, onların məntiqlərinin tam əksinə, insan fədakarlıq etmədikdə deyil, fədakarlıq etdikdə, xəsislik etdikdə deyil, comərd olduqda, qürurlu deyil təvazökar olduqda, öyüd-nəsihət almaqdan qaçdıqda deyil, hər nəsihətə xeyir gözüylə baxdıqda həqiqi hüzuru və rahatlığı tapar. Dində zəiflik göstərən insanların müdafiə etdikləri həyat tərzi isə, həqiqi mömin əxlaqı ilə tamamilə ziddir.

Onsuz da passivliyi yaymaq istəyən kəslərin də məqsədi səbrli olmağa, təvazökar olmağa, təslimiyyətə, çalışqanlığa, fədakarlığa əsaslanan gözəl əxlaqın deyil, eqoizmə, tənbəlliyə, qürura, pisliyə əsaslanan pis əxlaqın yayılmasıdır. Zəif imanlı bəzi kəslər də bu rəftarlara və təlqinlərə aldanaraq, qürurlu davrandıqları təqdirdə şərəfli olacaqlarını, fədakarlıq etmədikdə ağıllı davranmış olacaqlarını zənn edərlər. Halbuki həqiqətən ağıllı və zəkalı olan bir insan, Allahı lazımınca qiymətləndirə bilən, Rəbbimizin bizə əmr etdiyi əxlaqı yaşaya bilən insandır. Həqiqətən şərəfli olan kimsə isə, Allaha və Rəsuluna iman və itaət edən kimsədir. İnsana axtardığı hüzuru, şanı, şərəfi yalnız Allah verə bilər. Allahın əmr etdiyi əxlaqdan qaçaraq bunları qazana biləcəyini zənn edənlər isə çox böyük bir ziyan içərisindədirlər. Rəbbimiz insanların ancaq müsəlman olmaqla, haqq dini yaşamaqla şərəfli bir həyat yaşayacaqlarını, öz arzu və istəklərinə tabe olduqda isə ziyana uğrayacaqlarını belə xəbər vermişdir:

 

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (Muminun surəsi, 71)

 

Digər tərəfdən bu insanlar birlik içində olduqlarında gizli bir dil istifadə edərək və ya öz başlarına qalanda açıq şəkildə müsəlmanların, peyğəmbərlərin və İslamın əleyhinə ola biləcək söhbətlər etməkdən çəkinməzlər. Bu çıxışlarda davamlı möminləri tənqid, özlərincə haqsızlığa uğradıqlarını düşündükləri mövzuları dilə gətirməyə diqqət göstərərlər. Səmimi bir mömindən və etdiyi işdən lağ bir üslubla bəhs edib, bir tərəfdən onun yaxşı bir insan olduğunu dilə gətirir kimi edərkən bir tərəfdən də işlərini özlərinə görə kiçik görər, rəftarlarını qınayarlar. Beləcə müsbət danışırmış kimi görünərkən qarşı tərəfə hiyləgər bir taktikayla mənfi təlqin edərlər. Quranda münafiqlərin, möminlərin verdikləri sədəqələri və Allah yolundakı səylərini lağ mövzusu etmələriylə əlaqədar bildirilən ayə, bu rəftarın bir nümunəsidir. Allah həm də münafiqlərin bu çirkin əxlaqını və əsl lağ mövzusu olanın özləri olduğunu belə bildirmişdir:

 

Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir. (Tövbə surəsi, 79)

 

Tarix boyu yaşamış mömin birliklərinin içində rast gəlinən bu xarakterdəki insanların əsla aydın bir şəkildə dilə gətirmədikləri, amma gizli danışıqları vaxt təlqin etdikləri başqa bir əhəmiyyətli mövzu da elçilərlə əlaqədardır. Bu kəslər peyğəmbərlərin yanında onların izah etdikləri həqiqətləri təsdiq edirmiş kimi davranarlar. Amma öz tərəfdarları ilə təşkil etdikləri gizli yığıncaqlarda əleyhinə danışıqlar apararlar. Eyni əxlaqdakı kəslər Peyğəmbərimizin dövründə də yaşamış, Onun əleyhinə gizli yığıncaqlar təşkil etmiş, bu yığıncaqlarda möminlərin və hz. Məhəmməd (s.ə.v)-in əleyhinə planlar qurmuşlar. Ancaq Allahın izni ilə bu planları həmişə boşa çıxmış və Rəbbimizin bir qanunu olaraq da həmişə boşa çıxacaq. Allah bu həqiqəti ayədə belə bildirir:

 

Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər. (Mücadilə surəsi, 10)

 

Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşayan zəif imanlı şəxslərin və münafiqlərin, hz. Məhəmməd (s.ə.v)-in əmr və tövsiyələrini tətbiq etməməkdə israr etdikləri, bu tövsiyələr haqqında hörmətsiz şərhlər etdikləri məlumdur. Özlərinə bəlkə də dəfələrlə təsvir edilən bir mövzunu sanki heç eşitməmiş kimi davranmaları, sonra özlərinə xatırladıldıqda bunu heç bilmədiklərini demələri, əgər bilsələr ona görə davranacaqları yalanını ortaya atmaları və bu mövzuda çəkinmədən and içmələri bu xarakterdəki insanların məlum olan xüsusiyyətlərindəndir. Allah bir ayəsində bu xarakterdəki bəhsi keçən insanlar haqqında inananları belə xəbərdar etmişdir:

 

Onlar andlarını özlərinə sipər edib insanları Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir. (Mücadilə surəsi, 16)

 

Rəbbimiz başqa bir ayəsində də ikiüzlü insanlarla əlaqədar belə buyurmuşdur:

 

Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!” – deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. (Maidə surəsi, 41)

 

Qarışıq və müxtəlif mənalar verə biləcək rəftarlardan istifadə etmək, soruşduqda isə “yaxşılıqdan başqa bir şey istəmədiyini” iddia etmək, insanları passivləşdirən kəslərin tez-tez müraciət etdikləri bir saxtakarlıqdır. Öz aləmlərində saxtakarlıqlarını bu üslublarının altında gizlədər, anormallıqlarının hiss edilməyəcəyini, hiss edilsə belə vəziyyəti asanlıqla şərh edə biləcəklərini zənn edərlər. Elçinin verdiyi qərarlara qarşı narazılıqlarının, itaətsizliklərinin və təslimiyətsizliklərinin hiss edilməsinə baxmayaraq, mümkün olduğu qədər əxlaqsızlıqları ilə əlaqədar aydın bir dəlil verməməyə səy göstərərlər. Beləcə bir tərəfdən yaxşı niyyətdə olduqlarını iddia edərək müsəlmanları passivləşdirməyi, bir tərəfdən də zəif imanlı insanlara ortaya atdıqları fitnə dolu sözlərlə təsir edib öz tərəfdarlarından etməyi qarşılarına məqsəd qoyarlar. Ancaq onların bu rəftarlarının əsla fayda verməyəcəyini və boşa çıxacağını Allah bir ayəsində belə bildirir:

 

Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır. (Məhəmməd surəsi, 32)

 

Müsəlmanların Arasında Cahiliyyə Həyatının Yaşanmasını Istəmələri

Müsəlmanların arasında din əxlaqından uzaq bir həyat yaşamağa çalışan kəslər ümumiyyətlə haqq olmayan, azğın bir şəkildə şərh edilmiş, yanlış bir din anlayışı ilə ortaya çıxarlar. Bu yanlış anlayışda, Quran əxlaqı insan həyatında mümkün olduğu qədər az yer tutur, yalnız formal xarakterli ibadətlər iştirak edir. Halbuki, “de: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam surəsi, 162) ayəsiylə bildirildiyi kimi müsəlmanın hər dəqiqəsi, həyatının hər anı Allahın əmr etdiyi şəkildədir. Digər bir sözlə, din əxlaqı iman edən bir kimsənin bütün həyatını əhatə edir.

Pasifist kəslər isə, formal xarakterli ibadətlərə qismən də olsa əhəmiyyət verdikləri halda, dinin əsasını təşkil edən əxlaqi əsasları demək olar tamamilə yox sayarlar. Bu kəslər üçün meyar Allah rizası və Quran əxlaqı deyil. Ümumiyyətlə hadisələri, öz cahil məntiqlərinə və “məncə” deyə başlayan cümlələrlə batil inanclarına əsasən qiymətləndirərlər. Heç cür imtina edə bilmədikləri cahiliyyə həyatının meyarlarına əsasən bir qiymətləndirmə apararlar. Bu məntiqə sahib olan kəslərin dünyagörüşü ayədə belə bildirilmişdir:

 

Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)

 

Hadisələri cahiliyyə anlayışıyla qiymətləndirmələri, bu kəslərdə ciddi məntiq pozğunluqlarına səbəb olar. Möminlər dünya həyatının fani olduğunu, əsl yurdun isə axirət olduğunu bilirlər. Dünyadakı bütün imkanlarını ən yaxşı fəaliyyətlər görmək üçün qiymətləndirərlər. Məqsədləri Allahın rizası, rəhməti və cənnətidir. Buna görə də dünya həyatına dair mövzulara ancaq lazım olduğu qədər əhəmiyyət verər, əsas etibariylə axirətlərini düşünərlər. Pasifizmi müdafiə edən kəslər isə dünyada keçirdikləri müddətin əsas olduğunu zənn edər, dünya həyatıyla əlaqədar hər mövzuya ehtiraslı bir bağlılıq göstərərlər.

Cahiliyyə əxlaqını öz içlərində yaşadıb, möminlərin arasında yaşatmaq istəyən bu kəslər xüsusilə də özlərini birbaşa maraqlandıran mövzularda çox həssas olarlar. Məsələn, bir xəstəliyə tutulduqda təvəkkül etməz və qorxuya düşərlər. Nəfslərinə çox əhəmiyyət verdikləri üçün özlərinə bir zərər gəlməsi ehtimalı belə onların həddindən artıq reaksiyalar vermələrinə səbəb olar. Bu kəslər həm dünya həyatına çox əhəmiyyət verdikləri, həm də taleyin varlığını nəzərə almadıqları üçün xəstəlik onlarda sanki bir şok təsiri edər. Həmişə vəsvəsə içində olduqlarından ötrü onlarla həkimə getsələr belə sakitləşməzlər. İstifadə etdikləri dərmanların, seçdikləri həkimlərin özlərini yaxşılaşdıracağını zənn edib, yalnız bunlardan mədət umaraq yaxşılaşmağa çalışarlar. Əlbəttə ki, xəstə bir insan həkimə müraciət etməli, bu mövzudakı ən yaxşı və təcrübəli kəslərdən kömək almalı, özünə təklif edilən müalicəni tətbiq etməlidir. Ancaq bu əsnada, bütün bunların Allahın yaratdığı bir səbəb olduğunun, Allah diləmədiyi müddətcə ən yaxşı həkim tərəfindən müayinə olunsa da, ən təsirli dərmanlardan istifadə etsə də şəfa tapa bilməyəcəyini dərk etməlidir. Dünyadakı heç bir dərman, heç bir texnologiya, və ya heç bir həkim Allah diləmədiyi müddətcə xəstəliklərin yaxşılaşması üçün bir vəsilə ola bilməz. Necə ki, möminlər xəstəliyi yaradanın da, şəfa verənin də Allah olduğunu çox yaxşı bildiklərindən ötrü təvəkküllü və təslimiyyətli bir rəftar içərisində olarlar.

Müsəlmanları passivləşdirməyə çalışan kəslərin təvəkkülsüzlükləri və təlaşları qəlbində xəstəlik olan kəslərə də daxilən təsir edər. Yaşadıqları narahat ruh halı, ətraflarındakı bu insanların da ağılsız şərhlər etmələrinə, bənzər bir hadisəylə qarşılaşdıqlarında eyni təvəkkülsüzlüyü yaşamalarına səbəb olar. Onsuz da pasifizmi müdafiə edən kəslərin məqsədləri də təvəkkülsüzlükləriylə, müsəlmanlar arasında çaxnaşmaya səbəb ola bilmək, kifayət qədər məlumat sahibi olmayan və ya zəif imanlı olan kəsləri tələskənliyə sövq edə bilməkdir.

Din əxlaqını yaşamaqda passiv davranan kəslərin bir cəhətləri də, cahiliyyə həyatına qarşı keçirdikləri dərin heyranlıq hissidir. Cahiliyyə cəmiyyəti içərisində vəzifəyə, məqama sahib olan və cahiliyyə meyarlarına əsasən etibar olunan kəslərə, onlar da çox əhəmiyyət verər, onları gözlərində böyüdərlər. Hətta bu kəslərə bənzəmək üçün səy də göstərərlər. O kəslər kimi geyinərək, o kəslərin həyat tərzinə bənzər bir həyat tərzinə yiyələnərək, oxuduqları qəzetləri oxuyub, seyr etdikləri televiziya verilişlərini seyr edib, istifadə etdikləri rəftardan istifadə edərək bir mənada onları təqlid edərlər. Əlbəttə ki, bir insanın, digər insanların gözəl xüsusiyyətlərini nümunə götürməsində bir qorxu yoxdur. Ancaq bəhsi keçən kəslərin əsl olaraq üstünlük verdikləri və təqlid etdikləri bəzi gözəl xüsusiyyətlər deyil, cahiliyyənin zehniyyətidir. Düşüncə tərzləri, cahiliyyə məntiqləriylə formalaşmışdır. Nəyin vacib olduğunu, harada necə davranılmalı olduğunu, hansı rəftarların doğru, hansılarının səhv olduğunu Qurana görə deyil, cahiliyyənin qaydalarına görə müəyyənləşdirərlər. Bu ədabazlıq üzündən, saleh bir müsəlman olmağa cəhd etməz və cahiliyyə tərəfindən dəyər verilən xüsusiyyətlərə yiyələnməyə çalışarlar.

Hər hansı bir mövzuda qiymətləndirmə apararkən, Allahın varlığının fərqində olan bir insan kimi deyil, bu, həqiqətdən, tamamilə qafil biri kimi şərhlər edərlər. Həmçinin öz aləmlərində bir üstünlük olduğuna inandıqları müvəqqəti dəyərlərlə, möminlərin arasında da etimad qazanacaqlarını zənn edər və bunlarla təkəbbürlənərlər. Ancaq səmimi möminlər üçün insanların dünyəvi xüsusiyyətlərinin heç bir mənası yoxdur. Ancaq bir adam elmindən, mədəniyyətindən, imkanlarından İslamın xeyri naminə, müsəlmanların faydası üçün istifadə edirsə, şübhəsiz ki, bu gözəl bir davranış olacaq və axirətdə də bunun qarşılığını Allahın izni ilə ən gözəl şəkildə alacaq. Lakin Allahın rizasını güdməyib, bəzi müvəqqəti xüsusiyyətlərdən ötrü təkəbbürlənən kəslərə bu xüsusiyyətləri, dünyada da, axirətdə də heç bir fayda verməyəcək. Ayədə də bildirildiyi kimi, mömin kimsə üçün “...ən yaxşı azuqə isə təqvadır...” (Bəqərə surəsi, 197). Başqa bir ayədə isə, meyarın yalnız təqva olduğu və insanların dünyada qazandıqları maddi xüsusiyyətlərin Allah qatında bir dəyərinin olmayacağı belə bildirilmişdir:

 

...Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

 

Möminlər Quran əxlaqına tabe olduqları üçün qarşılarındakı adamın Allaha olan bağlılığını, Allah qorxusunu hiss etdikləri səviyyədə o adama hörmət və sevgi bəsləyər, cahiliyyə dəyərlərini əsla əsas götürməzlər. Passivlik təlqini edənlərdən isə, ancaq hadisələri və insanları Qurana görə qiymətləndirməyənlər təsirlənə bilərlər. Bu insanlar onların xarakterini nümunə götürər və onlara bənzəməyə çalışırlar. Bu kəslərin ortaq xüsusiyyətləri dünyada səmimiyyətin, Allah sevgisinin, Allah qorxusunun əsas götürüldüyü bir həyatın yaşana biləcəyinə inanmamalarıdır. Şübhəsiz ki, bu yanılmaları, bundan imtina etmədikləri müddətcə, onları ağrılı-acılı bir əzaba aparacaq.